Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid çavuş Cavad İbadovun anım mərasimi

29 noyabr 2021 | 16:00

29 noyabr 2021-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad Cabir oğlu İbadovun anım mərasimi keçirilmişdir.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran və Gəncə şəhərləri üzə əsgər və zabitləri, şəhid ailələri, qazilər, şəhər sakinləri və başqaları iştirak etmişlər.

Rayon rəsmiləri əvvəlcə şəhidin evinin qarşısında şəhidlərin şərəfinə ucaldılmış, yenicə istifadəyə verilmiş abidə-bulaq kompleksini ziyarət etmişlər.

İcra başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid çavuş Cavad Cabir oğlu İbadov və onun kimi şəhidlərimizdən söhbət açaraq bildirmişdir ki, Cavad kimi oğullar bizə əyilən vüqarımızı qaytarmışlar. Cavad, təkcə  Cabirin yox, hamının övladıdır. Onun kədəri bu elin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah Cavad balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı mərasim keçirilən hüzr məclisindən xəbər verir ki, cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsi haqqında danışmışdır.
Masallının icra başçısı bildirmişdir ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü, qüvvətini göstərdi. Vətən müharibəsi ölkəmizin həyatında yeni tarixi mərhələnin gözəl günlərə aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Bu gün böyük qürur və fəxr hissi duyuruq ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin varisi Prezident İlham Əliyevin çevik siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin yaddaqalan səhifələri yazıldı. Şəhidlər, Ali Baş Komandan bizə Zəfər sevinci yaşatdılar: «40 il qul kimi yaşamaqdansa 1 gün azad yaşamaq daha yaxşıdır!” (Babək), demişlər. İndi biz azadıq. Ölkəmizə dost və düşmən olan ölkələri tanıdıq. Qələbəmizi qəbul etməyən ölkələr də var. Dünən, noyabrın 28-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının  iclasında iştirak edib, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Pakistan Prezidenti Arif Alvi, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Seyid İbrahim Rəisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşləri oldu. Həyat bizə bir dəfə verilir. Cabir kimi kişilərin övladları daim ürəklərdə yaşayacaqlar. Onlar özlərini şəhidlərinin adlarına xəlil gətirəcək heç bir artıq hərəkət etmədilər. Mən bütün masallılardan razıyam. Onlar hamısı böyük-kiçik yerini bilən insanlardır. Cavadlar qısa ömürlərini ləyaqətlə, şərəflə başa vurdular. Vətən üstündə, haqq üstündə şəhid oldular. Biz onlara borcluyuq. Allah möhtərəm Prezidentimizi, ailəsini, Masallımızı, masallıları qorusun. Komandamla birlikdə şəhidlərin bütün hüzr məclislərində iştirak etmişəm, onlara mənəvi dəstək olmağa çalıçmışam. Bugünkü 40-cı il mərasimidir. Biz şəhidləri unutsaq-unudularıq»-deyə Masallı RİH başçısı geniş və məzmunlu nitqində bir daha qeyd etmişdir.

   Bildiririk ki, şəhid çavuş Cavad Cabir oğlu İbadov 1996-cı ildə dekabrın 10-da Masallı şəhərində doğulmuşdur.

   2002-ci ildə şəhid Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur.

   2013-ci ildə həmin məktəbi bitirmişdir.

   Orta məktəbi bitirdikdən sonra, 2014-cü ildə Azərbaycan Ordusunda hərbi xidmətə getmişdir.

  Hərbi xidmətini layiqli başa vurduqdan sonra könüllü olaraq «N» saylı hərbi hissədə və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE kimi qulluq etməyə başlamışdır.
    Azərbaycan Ordusunun Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının  çavuşu MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) Cavad Cabir oğlu İbadov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzuli rayonu istiqamətində ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Şəhid çavuş Cavad İbadovun nəşi 29 noyabr 2020-ci il tarixdə Masallı şəhər qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.

Subay idi…

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Cavad Cabir oğlu İbadov ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

Şəhid çavuş Cavad Cabir oğlu İbadovun ailəsi, şəhər camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
   Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
   Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid çavuş Cavad Cabir oğlu İbadovun məzarını ziyarət etmişlər.
   Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür.
   Çıxışlarda şəhid barədə xatirələr danışılmış, çavuş Cavad Cabir oğlunun heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.

Keçidlər