Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı: Görülən işlər fərəh doğurur

11 avqust 2018 | 16:00

Sakinlərin varlığı ilə qürur duyduğu, qonaqlarının heyran qaldığı gözəl məkanlarımızdan biri də Masallıdır. Həmişə qoynuna həvəslə can atdığım bu rayonda çoxlu dostum var. Həm əsrarəngiz təbiəti, həm də gülərüz, mehriban camaatı adamı burada qətiyyən darıxmağa qoymur.
Son illər Masallı daha sürətlə abadlaşır, inkişaf edir. Elə yarımillik hesabat yığıncağında da tərəqqi meyilləri iftixar hissi ilə xüsusi qeyd olunub. İcra hakimiyyətinin başçısı Rafil Hüseynov konkret faktlarla yüksəliş meyillərini diqqətə çatdırıb.
Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-bulvar kompleksinin yaradılması böyük bir layihədir. Orada çay yatağının beton məcraya salınması işləri davam etdirilir. İlkin olaraq ümumi uzunluğu 750 metr olan beton bəndin beşdə-dörd hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzlərinin, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda həmin ərazinin bəzi yerlərindəki zibilliklər təmizlənir, yaşıllıqlar salınır. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı yaradılıb.
Ümumi uzunluğu 24,7 kilometr olan Eminli-Qarğalıq-Səmidxan-Seybətin, Şatroba-Hişkədərə-Miyankü kəndləri istiqamətində yolların asfaltlaşdırılması sona yetib. Həmçinin Bakı prospekti və Seybətin küçəsi yenidən qurulur. Eyni zamanda, yeni Ələt-Astara magistralını Masallı şəhəri ilə birləşdirən 1,5 kilometrlik yolun müasir standartlara uyğun yenidən qurulmasına başlanıb. Bundan əlavə, uzunluğu 3,2 kilometr olan Masallı-Təzəkənd yolunun yenidən qurulmasına start verilib. Həmçinin 3 kilometrlik Gəyəçöl ­yolunun təmiri reallaşdırılır.
Masallı şəhərində dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 binanın fasadı təmir olunur. Heydər Əliyev prospektində birmərtəbəli 4 mənzilli və H.Səmədov 44 ünvanında yerləşən ikimərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanıb, müvafiq ekspertiza rəyi verildikdən sonra tikinti işlərinə başlanacaq. İki il öncə inşasına başlanan və bu il təhvil verilməsi nəzərdə tutulan Masallı Rayon Məhkəməsinin yeni inzibati binasında işlər davam etdirilir.
Masallıda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı ilin iyun ayında sərəncam imzalanmışdır. Bu məqsədlə Ələt-Astara magistral yolunun 165-ci kilometrində 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Artıq layihə üzrə bina və qurğuların tikintisi yekunlaşıb. Burada işləri qurmaq üçün yerli sahibkarlarla müzakirələr aparılıb və müvafiq məlumatlar toplanıb. Sənaye məhəlləsi Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə yeni təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq.
Ötən aylarda rayon üzrə məhsul istehsalı və xidmətlərin həcmi artaraq 352,7 milyon manat olub. Sənayedə bu artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz, kənd təsərrüfatı məhsulları üzrə 1,5 faiz, pullu xidmətlərdə isə 2,2 faiz təşkil edib. Adambaşına düşən pul gəlirləri 1842 manat, bir işçiyə hesablanan orta aylıq əmək haqqı 301 manatdır. Bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 sahibkara 163 min manat kredit verilməsi sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olub.
Masallıda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülüb. Kolatan inzibati ərazisinə aid Sığaçola massivində “Azərsun-Holdinq” tərəfindən xeyli əkin aparılıb və rayon üzrə çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılıb. Rayon üçün ənənəvi sahələrdən olan çəltikçilik və tütünçülüyün inkişafına da əhali arasında maraq xeyli artıb. Ötən 195 hektar çəltik əkilib, sahələrdən 588 ton məhsul yığılıb, orta məhsuldarlıq 30 sentner təşkil edib. Cari ildə çəltik əkinlərinin 301 hektara çatdırılıb. Sahibkarlıq subyekti tərəfindən çəltik əkinləri üçün zəruri texnika alınıb. Bu il rayon ərazisində 35 hektarda tütün əkilib.
Digər ənənəvi sahənin - baramaçılığın inkişafı ilə bağlı əvvəllər mövcud olmuş tut bağlarının qeydiyyatı aparılıb və ümumilikdə 8 ərazi üzrə 23,2 hektar sahədə 4080 ədəd tut ağacının olduğu müəyyən edilib.
Baramaçılığın intensiv inkişafına nail olmaq məqsıdi ilə tut bağlarının aqrotexniki tələblərə uyğun budanmasına hazırlıq görülür. Ötən il rayona 20 qutu ipəkqurdu gətirilərək 12 təsərrüfata paylanıb, bundan 469,6 kiloqram yaş barama alındığı halda, bu il 78 qutu gətirilərək 33 təsərrüfata paylanıb və 3406,9 kiloqram barama alınaraq Şəki İpək Kombinatına təhvil verilib. Artıq həmin kombinat tərəfindən alınmış baramanın hər kiloqramına 4 manat olmaqla kümçülərin hesablarına vəsaitin ödənişinə başlanıb, yaxın günlərdə isə hər kiloqramına 5 manat olmaqla dövlət vəsaiti hesabına subsidiyalar ödəniləcək. Onu da qeyd edək ki, Çin Xalq Respublikasından 5000 ədəd məhsuldar tut tingi gətrilərək şəhərin Seybətin ərazisində əkilib. Eyni zamanda Qarğalıq, Kalinovka, Kolatan, Təzə Alvadı, Bədəlan və Təklə kəndlərində 3000 ədəd yerli tut tingi basdırılıb.
Rayon üzrə 24 964 hektar əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ölkə Prezidentinin 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanıb. Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlər davamlı xarakter daşıyır. İxtisaslaşmanın sürətlə aparılması, tütünçülük, üzümçülük, tərəvəzçilik və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması nəzərdə tutulur. Habelə sitrus və fındıq bağlarının salınmasına, heyvandarlığın inkişaf etdirilməsi də diqqətdədir. “Logistik mərkəz” və “Yaşıl market” layihələrinin sürətlə reallaşdırılmasına da işgüzar səylər göstərilir.
Masallının elektrik təsərrüfatı davamlı şəkildə yenilənir. Dövlət proqramı əsasında rayon mərkəzinə və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi davam edir. Artıq 16 kənddə bu işlər tamamlanıb. Hazırda daha 2 kənd qazlaşdırılır. Ümumiyyətlə, rayon əhalisinin 96 faizi mavi yanacaqla təmin edilib. 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. Rayonun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması isə ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən, Muğan zonası və Qızılağac istiqamətində olan 42 kənd üçün layihələndirmə işləri aparılıb və “Viləşçay” su dəryaçasından həmin kəndlərə su xəttinin çəkilməsinə başlanıb.
Cari ildə Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisi aparılır. Yaxın günlərdə Şıxlar və Bala Təklə kəndlərində də modul tipli məktəblərin inşasına başlanacaq. Məmmədoba və Miyankü həkim məntəqələri tikilərək istifadəyə verilib. Hazırda Lürən kənd həkim məntəqəsi inşa olunur.
Masallıda söhbət etdiyimiz hər kəs doğma yurd haqqında ürəkdolusu danışdı, rayona dövlət qayğısından razılığını bildirdi. Onlardan biri – Masallı Dövlət Regional Kollecinin coğrafiya müəllimi Soltanağa Cəfərov fikirlərini belə ifadə etdi:
– Təbiəti, iqlimi insanlara zövq verən, qoynunda 224 min ürəyin döyündüyü Masallı həyat eşqimizi daim coşduran müqəddəs bir duyardır. Şimaldan – Cənuba, Şərqdən-Qərbə doğru hüdudları 35 kilometr olsa da, ona olan sevgimiz dünyaya sığmır. Masallının çiçəklənməsi və inkişafı üçün biz öz vətəndaşlıq borcumuzu ləyaqətlə yerinə yetirməliyik.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Keçidlər