Şriftin ölçüsü :

Saytın rəngi :

Dolanışıq yerimiz – torpaq

15 yanvar 2019 | 16:00

Gəyəçöl kəndi ərazisindən veteran aqronom Məzlum Əsgərov Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına yazdığı məktubda göstərir ki,  ağlım kəsəndən kənd adamları nı torpaqla məsul olan görmüşəm. Elə ki, yaz gələrdi, əmək adamlarının vaxtı tarlalarda keçərdi.

Torpaq şumlanar, şitil yetişdirilib sahələrə köçürülərdi. Briqadalar bir-birilə yarışardılar. Hər kollektiv istəyərdi ki, işlərini yaxşı qursun, bol məhsul yetişdirsin, adamların rifahı yaxşılaşsın. İllər keçdi, oxudum, təhsil aldım, sovxozda aqronom işlədim. Gecəmiz-gündüzümüz yox idi. Əkin və məhsulun təhvili vaxtı çox çətinliklərlə qarşılaşardıq. Ancaq məhsulun bir kiloqramını da yerdə qoymazdıq.   Sovetlər dönəmi ömrünü başa vurandan sonra bir müddət torpağa münasibət dəyişdi. İş qabiliyyətlilər mən deyərdim ki, fikirləşmədən başqa respublikalara üz tutdular. Bərəkətli torpaqlarımız isə sahibsiz qaldı. Sanki torpaq da insanlardan üz çevirdi. Sinəsində kol-kos inkişaf etdi.     
Düzünü deyim ki, həmin illərdə çox sarsıntı keçirtdim. Cavanlara təbliğat aparıb, deyirdim ki, torpağa və təhsilə arxa çevirməyin, torpaq dolanışığımız, təhsil inkişafımızdır.
Nə yaxşı ki, dövlətimiz bu çətinlikləri tezliklə yoluna qoya bildi. Torpaqların əkilməsi üçün tədbirlər gördü. Ölkəyə yeni kənd təsərrüfatı texnikaları gətirildi. Kəndliyə texnika, gübrə və əkin üçün subsidiyalar verildi. Adamlar tədricən torpağa qayıtdılar. Torpağa qayğılar göstərildi. Sinəsində tərəvəz, taxıl, bostan bitkiləri yetişdirildi.
Ötən il ərazimizdə taxıldan başqa, 16 hektar pomidor, 15 hektar tərəvəz, 13 hektar kartof,   habelə, lərgə, noxud mərcimək yetişdirilmişdir. Doğrusu, bu məni çox sevindirir. Ömrümün bu çağında adamların torpağa qayıdışını, bolluq üçün böyük zəhmətlə çalışdıqlarını görüb fərəhlənirəm. Güman edirəm ki, bizdən sonra bu torpaqları əkib- becərən, bolluq yaradanlar çox olacaq.
Bu gün də təsərrüfatda qızğın iş gedir. Növbəti il üçün 400 hektardan çox sahə şumlanıb, 190 hektar buğda, 35 hektar arpa, 120 hektar vələmir, 0,5 hektar kələm, 2 hektar sarımşaq əkilib.
Torpaqlarımız bərəkətlidir. Onun bərəkətini biz üzə çıxarmalıyıq. Bir qarış torpaq da əkin-biçinsiz qalmasın. Xüsusilə tərəvəz, taxıldan başqa təsərrüfatın yeni sahələri yaradılmalıdır.
Çəltikçilik, tütünçülük, baramaçılıq, çiyələkçilik yaxşı bəhrə verərdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bölgəmizdə çəltikçiliyin inkişafı ilə bağlı tövsiyə və göstərişləri həyata keçirilməlidir. Bu, vacibdir. Ötən əsrin 50-60-cı illərində adamların ərzaq problemi əsasən çəltikçiliyin hesabına həll olunurdu. İndi də bu sahə yaxşı gəlir gətirəcək.
Yaşıma, təcrübəmə güvənib deyirəm ki, torpaq sərvətimiz, dolanışığımız, rifahımızdır.   Qayğısını daim çəkməliyik.

Keçidlər