Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Türkoba ərazi Ağsaqqallar şuralarında hesabat və seçkilər

10 may 2019 | 16:00

İşgüzar söhbət, dəyərli təkliflər
Ağsaqqal öyüdü, ağsaqqal sözü hər zaman cəmiyyətdə dəyərini göstərib. Odur ki, “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” deyimi həmişə insanlara, xüsusilə gənclərə ən vacib bilgilər verir. Müstəqilliyimizin bərpa olunmasından sonra ölkədə, bölgələrdə, ərazilərdə, hətta idarə və müəssisələrdə ağsaqqallar şuralarının yaradılması ehtiyacı özünü göstərir. Rayonumuzda milli dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində Ağsaqqallar şurasının nümunəvi işi, bu sahədəki qabaqcıl təcrübəsi ölkədə yayılmaqdadır.
Masallı rayon Türkoba kənd Ağsaqqallar Şurası da rayonda böyük nüfuz qazanan ictimai bir qurum kimi tanınır. Ağsaqqallar kənddə təhsilin, səhiyyənin, idmanın, torpağa qayıdışın və başqa sahələrin inkişafında nüfuzunu göstərirlər.
Kənd ağsaqqallar şurasının hesabat seçki yığıncağında iştirakçılar fəal idilər. Toplaşanlar yığıncaqdan əvvəl görülən işləri, kəndin vacib məsələlərini aralarında müzakirə edir, yeni təkliflər fikirləşirdilər.
Yığıncağı açan Türkoba kənd ərazi Ağsaqqallar Şurasının sədri Səyyad Quliyev məruzə ilə çıxış etdi. Kənd ağsaqqallarının rəhbəri ötən hesabat seçkilərindən keçən dövrdə respublikada, rayonda, kənddə aparılan quruculuq işlərindən, ölkə Prezidenti cənab İlham Əliyevin xalqın rifahı naminə apardığı məqsədyönlü islahatlardan geniş söhbət açdı. O, keçən il Türkoba – Hişkədərə – Şatıroba – Tüklə yollarının yüksək keyfiyyətlə yenidən qurulub asfaltlaşdırılmasını nümunə göstərdi. Məruzəçi kənddə yaradılan yeni obyektlərin gənclərin məşğulluğuna, əhaliyə müxtəlif xidmətlərin göstərilməsinə müsbət təsirini bildirdi. Xüsusilə kənddə davam edən idman ənənələrinin davam etməsini, bu sahədəki uğurları vurğuladı. Buna nümunə olaraq aprelin 23-də ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən məktəblilərin rayon birinciliyində Türkoba voleybolçularının qalib olmasını göstərdi.
Kənddə nümunə sayılan hər bir işdə ağsaqqalların əməyi göz qabağındadır. Ərazidə keçirilən bütün tədbirlərdə ağsaqqalların iştirakı şuranın nümunəvi işindən xəbər verir. Təsadüfi deyil ki, 3 ağsaqqalımız – Mirqiyas Rzayev, Dadaş Seyidov, Səyyad Quliyev, 65 yaşı tamam olan kənd ərazi dairəsi üzrə nümayəndənin müavini Əfqan İbrahimov rayon Ağsaqqallar Şurası, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları rayon təşkilatı tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Məruzədə kənddə ağsaqqal sözünün təsirindən, gənclərə vətənpərvərlik ruhunun aşılanmasından, bir sıra ailə-məişət, qonşuluq münaqişələrinin məhz ağsaqqalların fəallığı ilə aradan qaldırılmasından söhbət açıldı.
Məruzə ətrafındakı müzakirələrdə ağsaqqallar şurasının fəaliyyətindən danışılıb yeni təkliflər verildi.
Fermer Qəzənfər Fəttayev, Türkoba kənd tam orta məktəbinin direktoru Əfsər Nuriyev, ağsaqqallardan Dadaş Şükürov, Elşad Nuriyev, Qəzvinoba ümumi orta məktəbinin direktor əvəzi Sevda Nuriyeva və başqaları çıxışlarında ağsaqqallar şurasının hesabat dövründəki fəaliyyətini təqdir edib, təkliflər verdilər.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əfqan İbrahimov öz çıxışında son illər ölkə Prezidentinin regionların inkişaf proqramının həyata keçirilməsindən danışıb təsərrüfat işlərini nümunə göstərdi. Yaxın illərdə görüləcək işlərdən söz açdı.
Hesabat seçki yığıncağında iştirak edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri, AYB-nin üzvü, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev bu qurumun rayondakı fəaliyyətindən, müsbət işlərindən, keçirilən tədbirlərdən, ağsaqqalların nüfuzundan geniş söhbət açdı. Göstərdi ki, ağsaqqallar bizim əmanətimizdir, bu əmanət yaxşı qorunmalıdır. Bu gün ağsaqqal sözü, ağsaqqal nüfuzu bizə çox vacibdir. Onların sözü hər şeyə qadirdir. Ağsaqqal işi, əməli ilə özünü doğrultmalı, nümunə olmalıdır. Türkoba böyük-kiçik meyarı gözlənilən kənddir. Odur ki, burada inkişaf var, səliqə-sahman hiss olunur, bir-birini eşidirlər.
Ələşrəf Niftiyev qeyd etdi ki, şura üzvləri ilə xəstə, imkansız ağsaqqallara baş çəkir, yubileylər və müxtəlif tədbirlər keçiririk. Bu da qurumun nüfuzunu qaldırır, adamların bizə inam və ümidini artırır.
Hesabat yığıncağında təşkilati məsələlərə baxıldı.Yeni tərkibdə Səyyad Lətif oğlu Quliyev kənd ağsaqqallar şurasının sədri, Ağahüseyn Səfərov, Qiyas Rzayev, Şahnəzər Hüseynov müavin seçildilər.

Keçidlər