Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr

16 may 2019 | 16:00

16 may 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı  cənab Rafil Hüseynovun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları  və  qarşıda  duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağını geniş məruzə ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı  RHüseynov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 30 aprel 2019-cu il tarixdə Naz.irlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq.
Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik.
İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.
Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir.
Beləliklə, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır.
Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu. Yəni, kompensasiyaların verilməsi prosesi başlamışdır və əminəm ki, qısa müddət ərzində başa çatacaqdır.
Digər məsələ vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş evlərlə bağlı idi. Çoxmənzilli binalarda yaşayan vətəndaşlar əziyyət çəkirdilər, çünki o binalarla bağlı sənədləşmə işləri aparılmamışdır, müəyyən çatışmazlıqlar var idi. Ona görə bu məsələ ilə bağlı da Fərman imzalandı və indi komissiya işləyir. Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlamışdır.
Beləliklə, görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb.
Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub.
İnfrastruktur layihələri ilə bağlı, görün, nə qədər böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik.
Elektrik enerjisi ilə bağlı qoyulan investisiyalar bizə nəinki özümüzü təmin etməyə, ixrac da etməyə imkan verdi. İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə daxilində bütün bu işlər görülüb. Yolların çəkilişi -15 min kilometr avtomobil yolu salınıb. İndi hər il bütün bölgələrdə, bütün rayonlarda, o cümlədən Bakı şəhərində, Bakı qəsəbələrində bu işlər gedir.
Biz bu ilin əvvəlindən ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirmişik. Onların arasında VII Bakı Qlobal Forumunu qeyd etmək istəyirəm. Bu, dünya miqyasında bu gün ən mötəbər forumlardan biridir.
Digər önəmli tədbirlər keçirilmişdir. Bir sözlə, Azərbaycan ilin əvvəlindən bütün sahələrdə uğurla inkişaf edir. Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yekun nitqində bildirmişdir ki, içməli su layihələrinin icrası ilə bağlı deyə bilərəm ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatıb. Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki, suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər davam edir. Növbəti illərdə onlar da başa çatacaq.
Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq. Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşdük. Ancaq yerlərdən gələn təkliflər və müraciətlər deməyə əsas verir ki, bu problem hələ də mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu çəkmişik.
İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. Son 15 il ərzində 2 milyon iş yeri yaradılmışdır. Ancaq, eyni zamanda, bu müddət ərzində əhali 1,7 milyon artmışdır. Bu, çox müsbət haldır. Bildiyiniz kimi, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. Artıq biz 10 milyonuq. Bu, tarixi nailiyyətdir.
Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir. Ancaq özəl sektor, ilk növbədə, sərmayə qoymalıdır, iş yerləri yaratmalıdır və rəqabətqabiliyyətli məhsul istehsal etməlidir.
Sosial infrastrukturla bağlı, - bu da daim diqqət mərkəzində olan məsələdir, - bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər.
Bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın.
Ona görə Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim
vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq.
Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.
Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır.
Sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir. Ancaq biz çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun. Bizdə sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını yaratmasaydıq, bu vəsait də qoyulmazdı.
Kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar haqqında məruzə edildi. Bu sahə də daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir.
Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir. Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup da yaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır.
Bu işlərdə sahibkarların rolunu qeyd etmək istərdim. Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Ona görə sahibkarlar bundan sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır.
Bildiyiniz kimi 06 aprel 2019-cu il tarixi Azərbaycanın on milyonuncu vətəndaşının doğulması ilə yadda qalmışdır. Artıq biz on milyonluq ölkəyik. Fürsətdən istifadə edib bu münasibətlə hər birinizi təbrik edirəm.
Azərbaycanın on milyonuncu vətəndaşının doğulması respublikasımızın hər yerində olduğu kimi rayonumuzda da böyük sevinclə qarşılanmış və tədbirlərə qeyd edilmişdir. Belə ki, rayon icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 2 hektar sahədə 2 min ədəd sərv, şam, göyrüz bə başqa növ ağaclar əkilib. Bundan əlavə gün ərzində Bayraq meydanında, ASAN Həyat Kompleksində tədbirlər keçirilmiş, yekunda Heydər Əliyev parkında ümumrayon konserti və atəşfəşanlıq təşkil edilmişdir.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2019-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Viləş çayının Masallı şəhərinin daxilindən keçən 7 km-lik hissəsində 50 hektara yaxın ərazidə meşə-parkın, bu ərazinin 750 p/m hissəsində 6,6 hektara yaxın ərazidə park-bulvar kompleksinin salınması ilə əlaqədar ilkin olaraq Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsinin təmin edilməsi və respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınmasından ötrü yatağın 750 p/m hissəsinin beton məcraya salınmasına başlanılmış və hazırda çayın 591 p/m hissəsi beton məcraya salınmış, bənd boyu hər iki tərəfdə drenaj şəbəkəsi çəkilmişdir.
Şəhərin Baş Planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası kimi nəzərdə tutulduğundan həmin ərazilərin təmizlənməsi, yaşıllıqların salınması və ağacların əkilməsi işləri davam etdirilmişdir. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır. Eyni zamanda Layihə sənədlərinə əsasən park-bulvar kompleksində uşaq-əyləncə mərkəzi, idman qurğusu, “Masallı evi”, səhnə, istirahət və iaşə obyektləri, 2 fontan, 8 söhbətgah, çay üzərində 3 piyada körpüsü, yeraltı içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı nəzərdə tutulmuşdur.
Park-bulvar kompleksinin tikintisi ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən ilkin olaraq yatağın beton məcraya salınmış 591 p/m-lık sağ və sol hissələrdə torpaq materialının əraziyə daşınması və relyefin ümumi hamarlanması işləri görülmüş, 2 hissədə yağış sularının kənarlaşdırılmasından ötrü drenaj şəbəkəsi qurulmuş, ərazidən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin və rabitə xəttinin yerləri dəyişdirilmiş, körpünün ümumi görünüşünün kompleksin layihəsinə uyğunlaşdırılması ilə bağlı təmir işləri yekunlaşmışdır.
Mövcud beton bəndin üzərində hər iki tərəfdə aqlay materialı və kərpic elementlərindən istifadə olunmaqla sütunların və sütunlar arası hissələrə metal mühəccərlərin quraşdırılması, çay yatağının istinad divarlarının layihəyə uyğun xüsusi elementlərlə yeni formada qurulması işlərinə başlanılmış, sahil boyu eni 7,2 metr olan gəzinti yerinin piltələrlə döşənməsi işləri həyata keçirilmişdir. Artıq 5500 kvm sahəyə piltə döşənmiş və işlər davam etdirilir.
Şəhərin Vidadi, Elşad Əhədov, küçələrinə asfalt çəkilmiş, Nəsimi, Q.Qarayev, M.Araz, C.Cabbarlı, Təbriz, Xəqani Şirvani və digər iki küçənin qırmadaşla təmir işləri həyata keçirilmişdir. Hal hazırda bu istiqamətdə işlər davam etdirilir.
Şəhərin Baş Planına uyğun olaraq H.Əliyev prospektində yeni çox mənzilli yaşayış binasının və rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % artaraq 169,0 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artaraq 15,4 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 5,3 faiz artaraq 18,1 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 faiz artaraq 21,2 milyon manat olmuşdur.
Rüb ərzində adambaşına düşən pul gəlirləri 2496 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 304 manat olmuşdur.
2019-cu ilin birinci rübündə Masallı rayonunun gəlirləri 18 milyon 630 min 84 manata qarşı 23 milyon 931 min 45 manat və ya 128,4 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 20 milyon 104 min 19 manata qarşı 18 milyon 533 min 84 manat və ya 92,1% icra olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2019-cu ilin birinci rübündə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
sahibkarlara 3 layihə üzrə 28 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 3 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına nəzarət olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırığı ilə işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədi ilə cari ilin I rübündə “DOST” İş Mərkəzində 685, “Azəriqaz”da 118, “Azərişıq”da 55, “Azərenerji”də 5, Masallı rayon Meşə Mühafizəsi İdarəsində 18, həmçinin “Azərsun”ASC və “Fəxrəddin K” MMC-də yeni iş yerləri açılmışdır.
2019-cu ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 2353 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 824-ü qadınlardır. Qeydiyyata alınanlardan 735 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 276 nəfərini qadınlar təşkil edir.
2019-cu ilin birinci rübündə rayonun kənd meşə balıqçılıq təsərrüfatında 4.8 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 212.2 manat olmuşdur.
01 aprel 2019-cu il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 72779 başa, xırda buynuzlu mal-qaranın baş sayı 90597 başa çatmışdır. Birinci rubda süd istehsalı 12239,2 tona, ət istehsalı 1558,8 tona, yumurta istehsalı 18622 min ədədə çatmışdır.
Masallı rayonu üzrə kənd təsərrüfatına yararlı 32519 ha torpaq sahəsinin 26732 hektarı xüsusi mülkiyyətə verilmiş pay torpaqları təşkil edir ki, bu torpaqların da 23628 ha əkin, 1275 ha çoxillik əkmələr, 1829 ha isə biçənəklərdir.
Rayonda 2019-cu ilin məhsulu üçün hazırki vaxtadək 17638 ha sahədə şum vurulmuşdur. Əkilmiş payızlıq əkinlərdən 7496 ha buğda, 2786 ha arpa, 2661 ha vələmir əkilmişdir.
Artıq 2019-cu ilin yazlıq əkinlərinə başlanılmış, 839,9 ha kartof, 105 ha paxla, 249,5 ha noxud, 30,5 ha mərci, 31,5 ha lərgə, 34,7 ha lobya, 140,6 ha sarımsaq, 87,6 ha yonca, 83,2 ha soğan, 181,7 ha göyərti, 231 ha bostan bitkiləri, 443,1 ha tərəvəz və 34,4 ha sair əkinlər aparılmışdır. Yazlıq əkin işləri hazırda da davam etdirilir.
2018-ci ildə Masallı rayonunda 420 nəfər istehsalçıya saxladıqları 7424 arı ailəsinə görə 74240,0 manat subsidiya hesablanaraq ödənilmişdir. 2019-cu ildə subsidiya almaqdan ötrü arı ailəsi saxlayan istehsalçılardan ərizələrin toplanmasına başlanılmışdır. Dövlət tərəfindən arıçılara dəstək göstərilməsi əhali arasında bu sahəyə marağı artırmışdır.
Cari ildə rayon ərazisində 35 ha sahədə tütün əkilməsi nəzərdə tutulur və hazırda əkin işləri başa çatdırlımaq üzrədir.
Rayonda 2019-cu ildə 300 ha sahədə çəltik əkilməsi nəzərdə tutulmuşdur. Hazırki vaxtadək bu məqsədlə 76 ha sahədə şum vurulmuşdur.
Digər ənənəvi sahələrdən olan baramaçılığın inkişafı ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Belə ki, 2018-ci ildə 78 qutu barama qurdu rayona gətirilərək 23 inzibati ərazi vahidi üzrə ümumilikdə 28 nəfər kümdarlara paylanmışdır. Rayon üzrə 3290,1 kq barama sortları və 116,8 kq qarapaçax növ baram olmaqla ümulikdə 3406,9 kq yaş barama təhvil verilmişdir.
Cari ildə isə rayon üzrə 120 qutu barama qurdları gətirilərək kümçülərə paylanmış və 5 ton yaş barama təhvil verilməsi proqnozlaşdırılır.
Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 6,6 ton kartof, 1,9 ton soğan, 1,7 ton düyü, 1,7 ton mandarin, 930 kiloqram noxud, 360 kiloqram bibər, 300 kiloqram mərci, 300 kiloqram xiyar, 500 kiloqram pomidor, 300 kiloqram alma,
200 kiloqram portağal, 150 kiloqram limon, 100 kiloqram bal, 3000 dəstə göyərti, 815 litr süd, 700 banka qatıq, 4470 ədəd yumurta göndərilmişdir.
Rayon üzrə 24964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir. Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. Rayonun Xəzər dənizi ətrafında, Muğan zonası adlanan ərazidə yerləşən yaşayış məntəqələri dəniz səviyyəsindən 20 metr aşağıda yerləşdiyi üçün həmin torpaqların bir hissəsi şoranlaşmış, bataqlıqlar yaranmışdır. Ərazilərdə kollektor-drenaj şəbəkələrinin çəkilməsinə ciddi ehtiyac vardır.
Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 130 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Eyni zamanda layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40,0 km uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaqdır. Həmin layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalana biləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuş və bu istiqamətdə işlərə başlanılmışdır.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2019-cu il tarixli Sərəncamı ilə otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə 6,8 milyon manat vəsait ayrılmışdır. Artıq bu istiqamətdə işlərə başlanılmışdır.
Fürsətdən istifadə edib bütün rayon ictimaiyyəti adından cənab Prezidentə minnətdarlığımızı bildiririk.
2019-cu ilin birinci rübündə 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 154-179-cu km-də cari təmir işləri başa çatdırılmış, yolun siqnal dirəklərinin müəyyən hissəsi yenisi ilə əvəz edilmişdir.
Yerli əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun 0-17-ci kilometrliyində təmir işləri görülmüşdür. Eyni zamanda Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunda cari təmir işləri aparılmış yolun 14-cü kilometirliyində 16 metr uzunluğunda su ötürücü boru quraşdırlmışdır. Həmçinin Hüseynhacılı avtomobil yolunda çınqıl materialı ilə hamralama işləri aparılmışdır.
Hesabat dövründə Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 130 min m3 həcmində lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür.
Rüb ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 8 hektar sahə kol-kosdan təmizlənmiş, 29,3 hektar ərazidə torpaq hazırlığı işləri, 6 hektar sahədə meşə əkini aparılmışdır.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
2019-cu ilin I rübü ərzində rayon üzrə 697 baş iri buynuzlu heyvan süni mayalandırılmış və 503 baş sağlam bala alınmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində hazırda 26 min 709 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 165 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2019-cu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 14281, əlilliyə görə 10344, ailə başçısını itirən kimi 2084 nəfərə əmək pensiyası ödənmişdir.
Ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı əhali arasında müəyyən səbəblərdən narazılıqlar yaranır. Belə ki, sığortaolunanın uçot nömrəsini əldə etməkdən ötrü torpaq islahatı zamanı təqdim edilmiş dövlət aktında adları qeyd olunan hər bir ailə üzvünə görə yerli vergi orqanlarında aylıq 10 manat 80 qəpik məbləğində rüsum tələb olunur ki, bu da aztəminatlı ailələrin ciddi narazılıqlarına səbəb olur.
Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmışdır. Belə ki, 110/35/10 kv-luq Tüklə, Masallı yarımstansiyalarında ümumilikdə 1857 ədəd 0,4 kv-luq, 181 ədəd 10 kv-luq dayaqlar basıdırlmış, 84111 metr SİP kabel çəkilmiş, 1593 ədəd Smart tipli sayğaclar quraşdırlmışdır. Həmçinin 35/10 kv-luq Alvadı və Qarğalıq yarımstansialarında ümumilikdə 922 ədəd 10 kv-luq, 5384 ədəd 0,4 kv-luq dayaqlar basıdırlmış, 133946 metr SİP kabel çəkilmiş, 4065 ədəd masir tipli sayğaclar quraşdırlmışdır.Hazırda Ərkivan qəsəbə və Həsənli kəndlərində SİP kabelləşmə işləri davam etdirilir.
Əhalinin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə 2019-cu ilin I rübü ərzində bir sıra işlər görülmüşdür. Rayon üzrə qaz alan əhali abonentlərinin sayı 40510, sənaye abonentlərinin sayı isə 290-dır.
Masallı rayonunda 103 yaşayış məntəqəsindən 90-ı (97 %) qazlaşdırılmış və qaz almayan 13 yaşayış məntəqələri barədə məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Azəriqaz İB-ə təqdim edilmişdir.
Qaz sayğaclarının yaşayış evlərindən və mənzillərdən uzaq məsafədə, hasarlardan kənarda quraşdırılması sayğacların qorunmasında problemlər yaradır. Quraşdırılmış sayğaclara kənar şəxslər tərəfindən müdaxilə olduqda məsuliyyət vətəndaşların üzərinə qoyulur. Bundan əlavə mütəmadi olaraq işlək vəziyyətdə olan sayğaclar texniki baxış adı ilə “Azəriqaz” İB-nin yerli qurumları tərəfindən laboratoriyaya aparılır və sonradan bu sayğaclara müdaxilə olunduğu bildirilərək yüksək məbləğdə cərimələr tətbiq olunur. Eyni zamanda əhali tərəfindən istehlak edilməyən təbii qazın haqqına görə debitor borcların yazılması halları müşahidə olunur ki, bütün bunlar haqlı narazılıqlara səbəb olur.
Həmçinin payız-qış mövsümündə Bədəlan, Çayqıraq, Aşurlu, Dəmirçi, Kolatan, Qızılavar, Dəlləkoba, Təzəkənd, Qızılağac, Şıxlar, Yeddioymaq, Güllütəpə və Tatyan kəndlərində qazın təzyiqinin aşağı olması da abonentlər tərəfindən narazılıqla qarşılanır.
Rayonda Telekommunikasiya Qovşağının balansında olan xətt təsərrüfatının qəzalı vəziyyətdə olması abonentlərin müasir tələblərə cavab verən telefon rabitəsindən istifadə etməsi, həmçinin yüksək sürətli internetə qoşulması sahəsində bir sıra nöqsanların meydana çıxmasına səbəb olur.
Buna görə də rayon Telekommunikasiya Qovşağının rəhbərliyi rayonda İKT-nin tətbiqinin genişləndirilməsi, müasir EATS-lərin qurulması və onlar üçün binaların tikilməsi, həmçinin abonentlərin yüksək sürətli internetə qoşulması sahəsində görülmüş tədbirlərə nəzarəti gücləndirməli və bu sahədə meydana çıxan nöqsanların aradan qaldırılmasından ötrü müvafiq tədbirlər həyata keçirməlidir.
2019-cu ilin 3 ayı ərzində 3 saylı Regional Sukanal idarəsinin Masallı sukanal sahəsi üzrə 450 ədəd su sayğacına surğuc vurulmuşdur Rüb ərzində ümumilikdə 31999 manatlıq su xidməti göstərilmişdir ki, ondan 30052 manatı əhali, 1947 manatı isə qeyri əhali
kateqoriyasının payına düşür. Bundan əlavə 6161 manatlıq kanalizasiya xidməti görtərilmişdir ki, ondan 1851 manatı əhali, 4310 manatı isə qeyri-əhali kateqoriyasının payına düşür. Bu dövr ərzində su və kanalizasiya xidmətlərinə görə yığılmış vəsait əhali kateqoriyası üzrə satışın 102 faizini, qeyri əhali üzrə 137 faizini təşkil edir.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 37 min m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 160-200 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinə xidmət göstərilmişdir.
2019-cu ilin yanvar ayından başlayaraq “DOST” İş Mərkəzi tərəfindən Masallı rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə 685 nəfər haqqı ödənilməklə fəhlə verilmişdir. Həmin işçilər Birliyin abadlıq, yaşıllıq, və təmizlik sahələrində işlə təmin olunmuşdur.
Rüb ərzində 45 ton kağız və karton tullantıları yığılmış 12,4 ton təhvil verilmişdir. Eyni zamanda 3 ton plastik tullantı yığılmışdır.
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət almış və 55 məktəb binası yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. Rüb ərzində modul tipli Təkdam və Xlallıcallı kənd ümumi orta məktəbləri istifadəyə verilımişdir. Hazırda Gəyəçöl tam orta, Şıxlar və Bala Təklə ümumi orta məktəblərinin tikintisi davam etdirilir. Buna baxmayaraq bu sahədə görüləsi işlərin miqyası daha böyükdür. Belə ki, 27 məktəbin tikintisinə, 15 məktəbin isə əsaslı təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd və Masallı şəhər 1 saylı uşaq bağçaları qəzalı vəziyyətdədir.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.
2019-cu ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
Rüb ərzində Lürən kənd həkim məntəqəsinin tikintisi davam etdirilmişdir. Yaxın günlərdə Qəriblər və Qızılavar kənd həkim məntəqələrinin tikintisinə başlanılması nəzərdə tutulur.
2019-cu ilin ilk üç ayında rayonda 492 nəfər uşaq doğulmuş, perinatal ölüm 10,2 promil (5 nəfər), ölü doğulan 8,1 promil (4 nəfər), evdə doğuş 0,4 promil (2 nəfər) olmuşdur. Bundan əlavə rüb ərzində uşaqlar arasında yolxucu xəstəliklər qeydə alınmamışdır.Ötən üç ay ərzində uşaqlar arasında profilaktik peyvəndlər təqvimə uyğun aparılmışdır. Belə ki rüb ərzində 931 uşağa vərəm, 544 uşağa Hepatit B, 557 nəfər uşağa göy öskürək, difteriya, tetanus, 1525 nəfərə pnevmokkok, 2615 uşağa poliomelit əleyhinə peyvəndlər vurulmuşdur.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 5930 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 12 fevral 2019-cu il tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və bu iş davam etdirilir. Hazırda 74361 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 2582 nəfərdə xəstəlik aşkar olunmuş, onlardan 2422 nəfəri ambulator, 85 nəfəri stasionar müalicəyə cəlb edilmişdir. 75 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Rüb ərzində 10400 uşaq müayinə edilmişdir ki, bunlardan 680 nəfər uşaqda müxtəlif
xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır. 35 nəfər uşaq daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə göndərilmişdir.
Rayonda 90 nəfər xroniki böyrək çatışmamazlığı xəstəsi vardır ki, bunlardan 65 nəfəri dövlət hesabına hemodializ edilir. Hazırda 604 vərəm xəstəsi dispanser qeydiyyatındadır ki, onlardan 86 nəfəri uşaqdır.
Rüb ərzində nikaha girmiş 185 cütlük müayinə edilmişdir ki, onlardan 1 nəfəri talassemiya daşıyıcısıdır.
Masallı Dezinfeksiya Stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlərdə 9080 m2 sahədə gəmiricilərə qarşı, 7900 m2 sahədə həşəratlara qarşı, 869 m2 sahədə isə mikroblara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.
Masallı Regional Mədəniyyət İdarəsi rüb ərzində əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır.
Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, təsir vasitələrinin sərtləşdirilməsi, habelə turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır..
Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. Bu layihənin icrası nəyin ki, Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 107 ilk təşkilatının 11 min 279 nəfər üzvü vardır. Digər partiyaların üzvlərinin ümumi sayı 1391 nəfərdir.
Rayon ərazisində 38 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 59 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2019-cu ilin birinci rübündə rayon ərazisində 107 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 92,3 % olmuşdur.
Rüb ərzində rayon İcra hakimiyyətinə 445 müraciət daxil olmuşdur ki, onlardan 255-i rayon İcra hakimiyyətinə, 190-ı isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 366-sı ərizə, 73-ü şikayət, 6-sı təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 41 ədəd, şikayətlərin sayında isə 16 ədəd azalma olmuşdur. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 208 nəfər vətəndaş qəbul edilmişdir.
Onlardan 155 nəfəri rayon İcra hakimiyyətində, 43 nəfəri səyyar, 10 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.
Rüb ərzində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.
2019-cu ildə Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Viləş Park Bulvar kompleksinin tikintisinin başa çatdırılması nəzərdə tutulur
Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2018-ci il tarixli 491 nömrəli Sərəncamına uğun olaraq Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda zəruri təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m3-ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuşdur və bu istiqamətdə layihələndirmə işlərinə başlanılmışdır.
Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət şəhərciyinin İsti-Su zonasında salınması ilə bağlı irəli sürdüyümüz təklif reallaşmaq ərəfəsindədir. Bu istiqamətdə səylərimiz davam edəcəkdir.
2019-cu ildə ümumi uzunluğu 18 km olan, 30 mindən artıq əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Banbaşı-Köhnə Alvadı, Təzə Alvadı, Tatyan, Güllütəpə ,Yeni Zuvand, Əmirtürbə yolunu əsaslı təmir olunması, Xalça fabrikinin tikilməsi və regional yun tədarük məntəqəsinin yaradılması, eyni zamanda şəhər ərazisində 22 yerlik Uşaq-bərpa Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.
Son illərdə rayon ərazisində baş verən sel-daşqın hadisələri ilə əlaqədar rayonun bir sıra yaşayış məntəqələri su basmaya məruz qalmışdır. Sel-daşqın hadisələrinin qarşısının alınması məqsədilə Hüseynhacılı, Yeddioymaq, Viləş və Qızılağac kəndlərindən keçən Viləş çay yatağında, Təklə, Xırmandalı ərazisindən keçən Göytəpə çayının, Boradigah qəsəbəsindən keçən Boradigah çayının, Mahmudavar ərazisində Rüdəkənar kəndindən keçən Ulum çay yatağında lildən təmizləmə və bəndbərkitmə işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Masallı rayonunda 2019-cu ildə qazlaşmanın 100%-ə çatdırılması və elektrik xətt təsərrüfatının sürətlə yenilənməsi qarşımızda duran vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2019-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Nəsimi ili” elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Hesabat yığıncağında çıxış edən   Masallı Dövlət Aqrar inkişaf Mərkəzinin rəisi  Seymur Nuriyev,  Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi  Cəlil Nəzərov,  “Viləşçay” Su Anbarı İstismarı İdarəsinin müdiri  Mahir Əliyev  və başqaları çıxış edərək 2019-cu ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev  çıxış edərək 2019-cu ilin birinci rübündə Masallı rayonunda görülən işlər və qarşıda duran vəzifələr haqqında danışmışdır.
Qərar layihəsi təsdiq edilmişdir.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov yekunlaşdırmışdır.

 

 

 

 

Keçidlər