Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda mayor Anar Novruzovun şəhid olmasının ildönümü qeyd olunub

14 iyul 2021 | 16:00

İyulun 14-də, Masallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, mayor Anar Novruzovun şəhid olmasının ildönümü keçirilib.
Pandemiyanın tələblərinə riayət olunmaqla təşkil olunan anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, şəhidin doğmaları, hərbçi yoldaşları iştirak ediblər.
Şəhidin ailəsinə baş çəkilib, məzarı ziyarət olunub. Rayon İcra Hakimiyyətinin başçısı şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verib, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Anar Novruzovun xatirəsinin masallıların qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisaslarının alındığını bildirib.
Şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə davam edən ildönümü mərasimində əvvəlcə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Anım tədbirində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib. Çıxışlarda Azərbaycan ordusunun möhkəmlənməsindən, İyul  döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən danışılıb.
Şəhidin Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açan hərbçi yoldaşları, Vətən müharibəsi iştirakçıları Anarın qəhrəmanlıq nümunəsinin hər birimiz, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildiriblər. Vurğulanıb ki, onun kimi Vətən oğullarının hünəri Zəfərin qazanılmasının əsas təməli oldu.
Şəhidin qardaşı Sücəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Tədbir Masallı Xalq Teatrı kollektivinin, eləcə də məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.

Keçidlər