Şriftin ölçüsü :

Saytın rəngi :

Ərkivanda Şəhid Sənan Seyfullayevin xatirəsi əbədiləşdirilib

12 yanvar 2022 | 16:00

Ərkivanda Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin xatirəsi əbədiləşdirilib

   Vətən torpaqlarının işğaldan azad olunması ilə başa çatmış 44 günlük müharibədə ərkivanlı gənclər də rəşadət və igidlik nümayiş etdiriblər. Azğın düşmənə qarşı qanlı döyüşlərdə onların bir çoxu qəhrəmancasına şəhid olub, bəziləri ağır yaralanıblar.

   Belə şəhidlərdən biri Masallı rayonunun axar-baxarlı Ərkivan qəsəbəsində böyüyüb boya-başa çatmış Sənan Mətləb oğlu Seyfullayevdir. 2016-cı ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinə yola salınıb. Burada kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində Ordu sıralarından tərxis olunub.

   2020-ci il sentyabr ayının 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq hərbi komissarlıqda qeydiyyatdan keçir və müharibəyə yollanır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərərək düşmənə qarşı qəhrəmanlıqla vuruşur.

   Qəhrəman Sənan oktyabr ayının 30-da Qubadlı rayonu istiqamətində, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi uğrunda  gedən döyüşlərdə şəhid olur. 71 gün itkin kimi axtarılan Sənan Seyfullayev ötən il, 2021-ci ilin yanvar ayının 10-da tapılıb. Nəşi 12 yanvar 2021-ci ildə doğulub, boya-başa çatdığı Ərkivan qəsəbəsinə gətirilir və kənd qəbiristanında böyük izdihamla torpağa tapşırılıb.

Qəsəbənin girişində şəhid Sənan Seyfullayevin şərəfinə bulaq inşa edilib.

12 yanvar 2022-ci il tarixdə, şəhid Sənan Seyfullayevin il mərasimi günü, onun adını əbədiləşdirən bulağın açılış mərasimi keçirilib.

   Tədbir başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Açılış mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsi, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, qəsəbə sakinləri iştirak ediblər.

   Tədbir iştirakçıları “Şəhid Sənan bulağı”nın önünə gül dəstələri düzüblər.

    Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallı döyüşçülərin qəhrəmanlığından danışıb.

   Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru, Masallı şəhidlərinin il mərasimi ilə əlaqədar bütün yazıların müəllifi Əlihüseyn Şükürov (fotoqraf Rəşad Fərəcov) Ərkivan qəsəbəsindən xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin və qazilərin Vətən qarşısında xidmətlərinin dövlətimiz və xalqımız tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdıran icra başçısı, Masallıların Vətən torpaqlarımızın azad olunmasında övladlarının, doğmalarının göstərdikləri əvəzsiz xidmətlərdən qürur duyduqlarını, şəhidlərin heç vaxt unudulmayacağını qeyd edib.

Mərasimdə çıxış edən şəhidin dayısı Taleh Sultanov, yoldaşı, Qarğalıq kənd orta məktəbinin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Qurbanov və başqaları ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və birici xanım Mehriban Əliyevaya, Masallı rayonunun icra başçısına minnətdarlığını ifadə ediblər.

   Bildiririk ki, Sənan Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub

Keçidlər