Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 2 iyul – Polis gününün 100 illiyi qeyd edildi

02 iyul 2018 | 16:00

2 iyul 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan polisinin 100 illik peşə bayramı təntənə ilə qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun polis işçilərini 100 illik peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi çətin, məsuliyyətli, eyni zamanda şərəfli yoldan ətraflı söhbət açıb.Natiq 2 iyul - polis işçilərinin peşə bayramının 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə təsis edildiyini, həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətləri diqqətə çatdırıb. Respublika Daxili İşlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söyləmişdir: "Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram." Bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm fəaliyyətlərindən biridir. Əlbəttə ki, bu sabitlikdə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan polisinin rolu mühüm və əhəmiyyətlidir. Azərbaycan polisi hər zaman ölkənin suverenliyi, ərazi bütövlüyü və ictimai-siyasi sabitliyi uğrunda səylə çalışmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə və ölkədə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı, o cümlədən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Həbib oğlu Əmiraslanov “Vətən uğrunda” medalı ilə təltif olunub.
Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanovun Azərbaycan polisinin 100 illiyi münasibətilə məruzəsi dinlənilib.
Sonra çıxış edən Masallı rayon prokurorunun müavini İlham Səlimov, MƏSQ rayon təşkilatının sədri Məmmədağa Şiriyev, Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Kamal Mazanov, gənc polis işçisi Miramil Baxışov və başqaları qeyd ediblər ki, Azərbaycan polisinin keçdiyi 100 illik tarixi yol bugünkü nəsil üçün örnəkdir. Göstərilib ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polis
in xidmətləri danılmazdır.
Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşları torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaətlər göstəriblər.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Masallı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərmanlar və hədiyyələri verilib.

Keçidlər