Şriftin ölçüsü :

Saytın rəngi :

Sabaha geniş addımlarla

12 yanvar 2019 | 16:00

Publisistin yol qeydləri və düşüncələri

Dekabrın 21-i səhər tezdən evdən çıxıram. Hava yağmurlu, küləklidir. Doğmalarım təkid edirlər ki, belə havada yola çıxmaq olmaz. «Məni dəvət ediblər, məni gözləyirlər, getməliyəm» deyirəm.

Maşını işə salıram. Ətraf qatı tumana bürünüb, sanki səhər yox, gecənin zülmət vaxtıdır. Faraları yandırıram. Baş yola kimi bir qədər çətinlik var – maşın çoxdur. Hamı harasa tələsir… Bir qədərdən sonra elə ki, geniş yola çıxırsan, sıxlıq azalır, səbəb – sürətin artmasıdır. Saatda 110, sonra isə 120 km olması sıxlığa, tıxaca son qoyur. Ancaq havaya görə sürəti çox da artırmıram, ehtiyat edirəm.
Yolum doğma diyarım Masallıyadır. Bu gün Masallıda böyük tədbir keçiriləcək: «Masallıların beynəlxalq internet saytı» yaradılıb. Tədbir saat 11-də olacaq. Mən də həmin təqdimata bir ziyalı kimi rayon İH tərəfindən dəvət olunmuşam. Bu dəvətdən, doğrusu məmnunam və ürəyimdə rayon rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yüksək tədbirlərə məni dəvət edirlər. Belə tədbirlərdə adətən söz də deyirəm.
Massalı böyük Azərbaycanın (həmişə Şimali Azərbaycanı Cənubi Azərbaycanı vəhdətdə görürəm) dilbər guşələrindən biridir. Gözəl təbiəti, məhsuldar torpağı, zəhmətsevər insanları var Masallının. Sahəsi cəmi 700 km2-dir. Əhalisi 225 min. Əhal burada çox sıxdır. Belə xüsusiyyətinə görə, hətta Çinlə müqayisə edilə bilər.
Masallının keçmişi, bu günü gözlərim qarşısındadır. Mənim doğma məmləkətim Azərbaycan kimi Masallının da müstəqilliyimiz (cəmi 25 ildə) dövründə necə hərtərəfli inkişaf etdiyini, yüksəldiyini görməmək, qiymətləndirməmək mümkün deyil. Xüsusən də son 5-6 ildə Masallı yaxşılığa doğru elə dəyişmişdir ki, bu dəyişkliyə, bu yüksəlişə yalnız və yalnız qibtə etmək olar.
Belə xoş düşüncələrlə əlahəzrət vaxt da hamar, müasir dizaynla qurulmuş yolla şütüyən maşının sürəti kimi sürətlə keçir. Getdikcə hava açılır. Salyan ərazisinə girəndə çən-duman da ipli pərdə kimi açılır, ətraf bir qədər aydın görünür. Yolda maşın çox azdır. Əlbəttə ona görə azdır ki, sürət yaxşıdır. Belə gözəl yolda maşın sürməyə nə var ki.
İndi 2 saata Bakıdan Masallıya rahat getmək olur. Əvvəllər isə bu yolu 4 saata, bəzənsə daha çox vaxta getmək olurdu. Ona görə ki, Bakıdan Astaraya, ordan da İran ərazisinə gedən minik və yük maşınları Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarının kənd və qəsəbələrindən keçirdi. Yaşayış yerlərində sürət həddi saatda 60-70 km idi. Yol darısqal, kələ-kötür. Çox vaxt böyük yük maşınları özlərinin 30-40 km sürətləri ilə onlarla, yüzlərlə minik maşınlarının da sürətini öz sürətlərinə uyğunlaşdırırdılar. Belə yük maşınlarını ötmək, keçmək təkcə səriştəliklə bərabər, bolluca əsəb də aparırdı. Hər an qarşıdan maşın çıxa bilərdi. Yol təkcə rahatlıq deyil, yol həm də mədəniyyətdir, qanun-qaydalara riayət etməkdir. Əvvəllər xarici ölkələrə gedəndə ordakı rahat, geniş, səliqəli magistral yolları görəndə həsədlə düşünürdüm ki, görəsən bizdə də nə vaxtsa belə müasir yollar olacaqmı?! Bu gün fəxarətlə demək olar ki, dünyanın ən inkişaf etmiş ölkələrindən heç bir infrastrukturları ilə geri qalmayan, hətta xeyli müasir yollarımız, körpülərimiz yaradılmışdır. Həm də belə möhtəşəm yol və körpülər təkcə paytaxtımız Bakıda yox, bizim respublika boyu şaxələnmiş yollarımız, körpülərimiz vardır. Ötən ilin sentyabrında möhtərəm Prezidentimiz İlham Əliyevin Bakı-Astara magistral yolunun açılışını etdikdən sonra cənub bölgəsinin mən deyərdim, ən böyük problemi həll olundu. İndi bu yolla gedib-gələn insanlar dövlət başçısına can sağlığı, valideynlərinə rəhmət söyləyirlər. Tarixən belə olub: ata-babalarımız yolsalan, körpü tikən, xeyirxah insanlara həmişə minnətdarlıq duaları ediblər…
Burada mən, təəssüf hissi ilə xarici ölkələrdə hansı səbəbdənsə oturub doğma vətəni respublikası, ölkə rəhbəri haqqında həzlə danışanlara, böhtançı fikirlər söyləyənlərə, öz gözlərində tiri görməyib, başqa gözdə tük axtaranlara, özgə qapılarında yaşayıb düşmən dəyirmanına su tökənlərə, özümüzdən olub, özümüzə qənim çıxanlara bir azərbaycanlı, bir ziyalı kimi üz tutub deyirəm: öz elinizə, yurdunuza qara eynək arxasından baxdığınız, hər şeyə qara don geydirib danışdığınız yetər, gözlərinizdəki qara eynəyi çıxardıb müstəqil Azərbaycanımızda gedən möhtəşəm quruculuqları, sosial yeniliklərin, qanunların gündən-günə obyektiv işləməsindən, antipodlara (Sovet dövrünün sözü olsa da) qarşı aparılan barışmaz mübarizədən, şüurlarda yaranan yeniliklərdən xəbəriniz yoxdurmu?! Tənqid yaxşı xüsusiyyətdir, ancaq saf olmalıdır. Vaxt gələcək acgözlər, talançılar, yüngül yollarla milyonlar qazananların sayı azalacaq, lap çox azalacaq. Əlahəzrət zaman çox şeyləri düzünə sahmanlayacaq, hər kəs öz bacarığına, zəhmətinə görə haqq alacaq, əyri yolda gözü olmayacaq. Ləyaqət, şərəf həyatın meyarı olacaq. Bunlar hamısı olacaq və sürətlə hər şey ona doğru gedir.
Bütün bunları beynimdən, ruhumdan, ürəyimdən keçirə-keçirə «dəmir atımı» səirdirəm…
Yeni yolun ən üstünlüklərindən biri də odur ki, yol düzdür, yəni nə Səlyanın, nə Biləsuvarın, nə Cəlilabadın, nə də Masallının kənd və qəsəbələrindən keçməməyidir.
Yeni yol düz olduğundandır ki, məsafə hiss olunan dərəcədə qısalıb. Ancaq yolboyu baş yoldan rayonlara yollar ayrılır: Səlyan şəhəri yaxınlığında səliqəli yolayrıcılar işarəlri görünür. Sol tərəf – Səlyana, sağ tərəf Şirvan şəhərinə, bir qədər getdikdən sonra – sol tərəf Şorsuluya, sağ tərəf – Biləsuvara, bir neçə yerdən Cəlilabada, bu cür də Masallı rayonunun qərb və şərq tərəfinə çıxışlar ayrılır.
Yolboyu tez-tez “İstirahət zonası” yazılmış səliqəli plakatlar asılıb. Deməli, çox keçməz bu yerlərdə müasir istirahət tikililəri yaradılacaq. Yerli və xarici turistlər buralarda – təbiətin qoynunda dincələcəklər. Nə yaxşı.
Havanın qeyri-sabitliyinə baxmayaraq Masallıya nə vaxt gəlib çatdığımı heç hiss etmədim.
Masallıda hava qışdan daha çox payız havasını xatırladırdı. Burada sakit, mülayim hava vardı. Hərdən narın səpələnən yağış havaya xüsusi bir təravət qatırdı. Uzun illərin təcrübəsindən bu qənaətə gəlmişəm ki, Masallının iqlimi Bakının iqliminə bənzərlidir. Fərq bir ondadır ki, Bakıda külək çox əsir, Masallıda isə yağış çox yağır.
Saat 11.00-da «Masallılar interneti saytı»na həsr olunmuş məclis öz işinə başladı. Məclisdə yerli ziyalıların nümayəndələri ilə yanaşı dəvət olunmuş qonaqlar (əslən Masallıdan olanlar) də rayonun rəhbərliyi iştirak edirdilər. Məclisi bu möhtəşəm hadisənin (məhz hadisənin)ərsəyə gəlməsində xeyli çalışmış Masallı rayon İH-in sektor müdiri Elvin Fəttayev idarə edirdi.
İlk söz saytın yaradılmasının təşəbbüskarı, həm də təşkilatçısı Zahir müəllimə verildi. Zahir müəllim bu işə təşəbbüskar olmasının səbəbini, istəyinin məqsədini açıqlayaraq dedi ki, Masallıdan çoxlu sayda çıxmış alimlər, ictimai-siyasi xadimlər, iş adamları var ki, onlar Rusiyadan tutmuş dünyanın bir çox ölkələrində yaşayır və fəaliyyət gbstərirlər. Onlarla əlaqə yaratmaqda bu sayt əvəzsiz olacaqdır. Bu insanlar həm bir-birilə, həm də rayon ictimaiyyətilə əlaqə yaradacaqlar. Güman edirəm ki, bu işin xeyri çox olacaqdır. Axırda isə o, bu işin yaradılmasında çox böyük xidməti, çox böyük dəstəyi olan rayon İH-in başçısı cənab Rafil Hüseynova öz minnətdarlığını bildirdi. Sonra söz Masallı rayon İH başçısı Rafil müəllimə verildi. Hiss olunurdu ki, Rafil müəllim həddən ziyada sevinclidir. – Əlbəttə “Masallılar saytı”nın açılması rayonumuzun ictimai həyatında çox qiymətli bir hadisədir. – deyə o sözə başladı. – Bu işin həm tarizi, həm də praktiki əhəmiyyəti, milli-mənəvi dəyəri olacaqdır. Təsəvvür edin ki, bu sayt vasitəsilə hər bir masallı dünyanın hər hansı guşəsində yaşayan həmyerlisi ilə əlaqə yarada biləcəkdir. – Sözünə davam edərək Rafil müəllim sonra qeyd etdi ki, bu gün xarici ölkələrdə yaşayan əslən Masallıdan olan bir çox iş adamının adlarını çəkə bilərəm ki, onlar öz kəndinin, qəsəbəsinin bir çox işlərində, məsələn, yolların çəkilməsində, mədəni ocaqların yaradılmasında yeni tipli market və şadlıq evlərinin tikilməsinə maddi sponsorluq edirlər. Əlbəttə bunlar çox vacib məsələlərdir. Elə bilirəm ki, bu saytın açılmasından sonra belə əlaqələr, belə görüşlər daha çox olacaqdır.
Sonra bu sətirlərin müəllifi mən də çıxış edərək ürək sözlərimi dedim:
- XX əsr bəşər tarixinə elm-texnika, milli oyanışlar, inqilablar, 2 dünya müharibəsi, yeni milli dövlətlərin meydana gəlməsi və s. əsri kimi daxil olmuşdursa, XXI əsr tarizə sürət əsri, informasiya əsri kimi daxil olmuşdur. Bu gün dünyanın hər hansı yerində bir texniki yenilik yaranır, meydana gəlirsə heç bir həftə çəkmir ki, bu yenilik hər yerə yayılır. Əvvəllərcə belə deyildi. Xatırlayıram: ötən əsrin axırlarına yaxın Kuba respublikasında (Azadlıq adası) Azərbaycan günləri keçirilirdi. Mən də nümayəndə heyətinin tərkibində idim. Mən ilk dəfə Kuba şəhərlərində əl telefonundan istifadəni, beynəlxalq BANKOMAT gördüm. Çox sonralar bunlar bizə gəlib çıxdı. Bu gün isə “Masallıların beynəlxalq saytı” yaradılır. Az vaxtda belə inkişaf yalnız fantastik sürətin nəticəsində meydana gələ bilər…
Məndən sonra Regional hüquq və iqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, Azərbaycan Yazıçılar Birliyi nəzdində Hərbi vətənpərvərlik komissiyasının sədri şair-bəstəkar Şahin Musaoğlu çıxış edərək səmimi ürək sözlərini və arzularını bildirirdi.
Saytın o andaca xarici ölkələrdə yaşayan bir neçə Masallıdan olan həmyerlilərimizlə canlı görünüş yaradılması hamının marağına səbəb oldu.
İlk olaraq Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan iş adamı, tanınmış biznesmen Məşkur Qasımovla canlı görüntü yaradıldı. O bizi, biz də onu görür, səsini eşidirdik. Məşkur Qasımov salonda oturanları – bizləri salamladı və belə hadisəni yeni ilə qiymətli hədiyyə kimi qiymətləndirdi. Saytın mükəmməl fəaliyyəti üçün özünün tövsiyələrini verdi və sonda vaxtı ilə respublikada yaxşı tanınan Masallının «Viləş» futbol komandasının əvvəlki şöhrətini qaytarmaq üçün sponsorluq edəcəyini vəd etdi.
Rusiyanın Norilsk şəhərində yaşayan Əli Kərimovla telekörpü hamıda maraq doğurdu. Əli müəllim orada təkcə Masallını yox, bütün Azərbaycanı təmsil edir. O, regional Azərbaycan diasporunun sədridir. Əli müəllim qeyd etdi ki, biz uzaq Sibirdə kiçik Azərbaycan mühiti yaratmışıq.
Mərhaba! Budur vətənpərvərlik, budur azərbaycançılıq.
Rusiyadan sonra «səfərimiz» ABŞ-a oldu. Ekranda cavan, yaraşıqlı bir oğlan göründü. Bu – Tural Sadıqovdur. O, rayonun Ərkivan kəndindən (Ərkivan kəndi respublikanın ən böyük kəndidir. Burada 23 min əhali yaşayır. Hazırda qəsəbə status verilib) olan, indisə Nyu-York şəhərində institutda dərs deyir. Riyaziyyat elmlər doktorudur. Tural müəllimin ən böyük arzusu və istəyi təhsil sistemimizi gücləndirməkdir. O dedi ki, istər Yaponiya, Cənubi Koreya, istərsə də ABŞ və b. ölkələr təhsil hesabına belə tərəqqi etmişlər.
Açığını deyirəm: hamımız – salonda oturanlar sanki şokdaydılar, şirin röyadaydı. Bizi bu şirin röyadan, sehirdən musiqi sədası ayırdı. Musiqi bizi Rusiyadan, ABŞ-dan qoparıb Masallıya gətirdi. «Azərbaycan» mahnısını gənc müğənni Eldar Baxış əla ifa etdi. Möhtəşəm ifa idi. Mübaliğəsiz deyə bilərəm ki, böyük sənətkar, mərhum Müslüm Maqomayevdən sonra belə ifa görməmişdim. Müğənninin geniş diapozonlu və ürəyəyatan, məlahətli səsi var. Mənə dedilər ki, Eldar Baxış Türkiyədə keçirilən mahnı yarışmasında uğurlar qazanmışdır. Yəqin ki, çox keçməz gənc müğənni mərkəzin də nəzərini cəlb edəcəkdir.
Tədbir sona çatdı. Rayon rəhbərliyi, tədbir iştirakçıları ilə görüşüb şəhərə dönürəm. Qalmağımı istəsələr də, mən razılığımı bildirirəm. Artıq qışdır, havaya etibar yoxdur. Onsuz da hər tərəf dumana-çənə bürünüb. Günlər qısadır, axşam tez düşür.
Yenə baş yoldayam. Sürəti azaldıram. Doğma Masallını, onun gözəlliklərini sanki gözümə köçürtmək istəyirəm. Ancaq hələ də iştirak etdiyim tədbirin təəssüratları beynimdə, gözümün önündədir. Doğrudan Masallı çox dəyişib və sürətlə də dəyişilir. Xüsusən son illər regionların inkişafı ilə bağlı qəbul edilən geniş Dövlət Proqramı rayonların inkişafına güclü təkan vermişdir.
Son illər Masallının inkişafını rayonda görülən işlərin samballığında görmək gərəkdir. Onlardan bir neçəsini qeyd edək: Heydər Əliyev parkı yenidən qurulmuş, orada xeyli abadlıq işləri görülmüşdür; rayon mərkəzinə su çəkilmiş, kanalizasiya sistemi başa çatdırılmış; Bayraq Meydanı yaradılmışdır, regionun «ASAN Xidməti» Masallıda yaradılmışdır, şəhid ailələri üçün bir neçə bina inşa edilmişdir; rayon mərkəzi və ətraf küçələr asfaltlanmışdır, xeyli kəndlərarası və kənd yolları əsaslı təmir edilmiş, asfalt döşənmişdir, rayon əhalisi demək olar ki, qazla təmin edilmiş, yeni mədəniyyət və ictimai binalar inşa edilmiş, Viləş çayı ətrafında müasir park salınnmış (masallılar bunu bulvar adlandırırlar), rayonda çayçılıq, çəltikçilik yenidən vüsətlə inkişaf etdrilmiş, fermerlərin fəaliyyəti üçün imkanlar yaradılmış, rayonun mərkəzində «Sənaye məhəlləsi» yaradılmış, rayonda turizmin inkişafı üçün xeyli əməli işlər görülmüşdür və s. və i. Əlbəttə bunlar Masallıda görülən işlərin yalnız bir hissəsidir. Yəqin ki, irəlidə daha böyük, daha vacib işlər görüləcək, nəzərdə tutulan məsələlər həll olunacaqdır.
«İşi işbilənə tapşır» - deyib atalar. Bu gün doğma azərbaycanın hər yerində geniş quruculuq işləri görülür və görüləcəkdir də…
Mən burda bir məsələyə bir ziyalı, bir azərbaycanlı kimi toxunmaq istəyirəm. Mənə elə gəlir ki, Masallıda yaradılan saytın rayonun mədəni-təsərrüfat həyatına xeyri olacaq. Masallıdan təkcə Azərbaycanda deyil, xarici ölkələrdə yaşayan fəaliyyət göstərən imkanlı adamlar: milyonçular, milyarderlər vardır. Həmin milyonçular, milyarderlər öz pullarını, varidatlarını banklarda saxlamaqdansa öz vətənlərində fabriklər, zavodlar tikdirsələr yaxşı olmazmı?! Azərbaycanın özündə elə milyonçular var , onlar xarici ölkələrdə saraylar alır, sanatoriyalar tikdirirlər. Məgər onlar öz ölkələrində bu işləri görə bilmə zlər?! Axı sizlər bu varidatı xalqın hesabına toplamısınız. Xalqa xərcləsəniz daha yaxşı olar.
Bu isə ŞÜUR məsələsidir, ağıl məsələsidir. Bir də görürsən, bir nəfərin neçə milyonlarla dəyəri oln villası, şadlıq sarayları peyda oldu. Danışanda deyir: mən Vətənə, xalqa ləyaqətlə xidmət etmişəm, ləyaqətli xidmətlə axı bu işləri görmək olmaz!!!
Elə ölkələr var ki, onlarda iş adamları öz varidatlarını xalqdan, dövlətdən gizlətmirlər və varidatları müəyyən həddə çatanda yarısını yönəldirlər, cəmiyyətə: kimi səhiyyəyə, kimi təhsilə, kimi yollara və s. O adamlar dərk edirlər ki, hər şeyi cəmiyyət hesabına qazanıblar, ona da ötürülməlidir.
Bax şüur, ictimai şüur budur!!!
Bu fikirlər beynimdən keçəndə bir də gördüm ki, Bakıya çatmışam.
Ürəyimdən son sözlər bunlar oldu: tez-gec bizdə də belə şüur, ağıl yaranacaq. Bu qaçılmazdır, bunu Əlahəzrət zaman tələb edir…

Musa QULUZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Professoru,
Tarix elmləri doktoru, Əməkdar müəllim.
"Azad Azərbaycan" qəzeti, 8 yanvar 2019-cu il.

Keçidlər