Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə

10 dekabr 2019 | 16:00

Dekabrın 10-11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə rayon icra hakimiyyəti başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək dövlət-din münasibətlərinin müasir durumundan, ölkədə tolerantlıq, multikulturalizm ənənələrindən danışıb, gəncləri dini radikalizm meyllərindən qorumağa çağırıb. Bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. İctimaiyyətin, xüsusilə gənclərin doğru mənbədən dini bilgilərə yiyələnmələri olduqca vacibdir.

Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan xalqının əsrlər boyu digər dinlərə və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, eyni zamanda, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. O, respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını, ölkəmizin tolerantlıq, multikultural dəyərlər və İslam həmrəyliyi ilə dünyaya birlik və həmrəylik mesajı verdiyini qeyd edib.

S.Salahlı ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərimizə, o cümlədən din sahəsinə diqqət və qayğısından da danışıb. Komitə sədrinin müavini, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın respublikamızın dünya ölkələri sırasında öz layiqli yerini tutması, tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında xüsusi xidmətlərini qeyd edib.

Masallı şəhər Cümə məscidi dini icmasının sədri Mirqabil Hüseynov və bölgə qazisi Mirqiyas Təhməzov gənclərin müəyyən bilgilərə yiyələnmələrinin, həmçinin onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıblar.

Seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Keçidlər