Şriftin ölçüsü :

Saytın rəngi :

“YALNIZ İRƏLİ” tamaşa-kompozisiyası

12 oktyabr 2021 | 16:00

Masallı Xalq Teatrında şəhidlərə ithaf olunmuş tamaşa-kompozisiyası –“YALNIZ İRƏLİ”

Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə həsr edilmiş növbəti tamaşa-kompozisiya oynanılıb.

Jurnalist-publisist Akif Ağayevin şəhidlərlə bağlı mətbuatda dərc edilmiş yazıları əsasında hazırlanmış ədəbi-bədii kompozisiyanı Masallı Xalq Teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi təqdim edib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra tamaşa-kompozisiyanın mövzu və quruluşu, yaradıcı heyəti barədə məlumat verilib.

Sosial şəbəkələr vasitəsilə canlı yayımlanan kompozisiyada torpağı Vətən edərək əbədiyyət qazanan igidlərimizi, doğma yurda sevgini tərənnüm edən şeirlər səsləndirilib, tamaşanın ithaf olunduğu şəhidlərin – Sahib Şirəliyev, Cavad İbadov, Elməddin Nəzərov, Sənan Səlimov, Musa Mustafayev, Sənan Seyfullayev və Məmmədağa Bağırovun həyat və döyüş yolu, onların doğmalarının iztirabları kövrək duyğularla, obrazlı şəkildə izləyicilərə təqdim edilib.

Tamaşadan sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərin valideynləri ilə görüşüb, onların ruhuna ehtiramını ifadə edib.

Kompozisiyanı ərsəyə gətirən heyət və şəhid valideynləri ilə xatirə şəkilləri çəkdirilib.

Tamaşa-kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında rejissor Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev, Ruslan Zahidov və digərləri yaxından iştirak ediblər.

Keçidlər