Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Məmmədağa Bağırovun anım mərasimi

24 noyabr 2021 | 16:00

    24 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Xoşçobanlı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Məmmədağa Həsənağa oğlu Bağırovun il mərasimi təşkil edilmişdir.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak etmişlər.

     Mərasimdə Azərbaycan və Türkiyə dövlətinin bayrağı, Masallıdan olan Vətən şəhidlərinin portretləri asılmışdır.
     İcra başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid əsgər Məmmədağa Həsənağa oğlu və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq bildirmişdir ki,  Məmmədağa kimi oğullar bizə əyilən vüqarımızı qaytarmışlar. Məmmədağa, təkcə  Həsənağanın yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah  Məmmədağa balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

   Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı mərasim keçirilən Xoşçobanlı kəndindən xəbər verir ki, cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələr haqqında danışmışdır.
   Masallı rayonunun icra başçısı Ş.Məmmədov demişdir ki, gözəl-göyçək, nur üzlü Məmmədağalar bizə cəsarət nümayiş etdirdilər. Onlar qısa ömür sürdülər, amma şərəflə yaşadılar. Qürurumuzu qaytardılar. Vətən müharibəsində bizə dəstək olan dövlətlər olub. Allah həmin dövlətlərin bayrağını ucadan-uca eləsin. Dünya o qədər də ədalətli deyil. Qələbəmizi qəbul etməyən ölkələr də var. Buna cavab olaraq Azərbaycan Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyev keçən ayın, oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən dediyi: «Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.

Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.

     Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq.

    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərini unutmaq olmaz.

    -Allah möhtərəm Prezidentimizi, ailəsini, Masallımızı, masallıları qorusun. Komandamla birlikdə şəhidlərin bütün hüzr məclislərində iştirak etmişəm, onlara mənəvi dəstək olmağa çalıçmışam. Bugünkü 39-cu il mərasimidir. Biz şəhidləri unutsaq-unudularıq. Azərbaycan torpağı mənə anam qədər əzizdir, müqəddəsdir. Ali Baş Komandanın rəhbərliyi altında 30 ildə düşmən tapdağında olan Ana Vətəni, Ana Torpağı geri alıblar şəhidlər... Məmmədağalar qürurumuzu qaytardılar. Onların atalarının üzündən, analarının, xanımlarının alnından öpüləsidir. Həsənağa kimi kişilərin övladları daim ürəklərdə yaşayacaqlar. Onlar özlərini şəhidlərinin adlarına xəlil gətirəcək heç bir artıq hərəkət etmədilər. Mən bütün masallılardan razıyam. Onlar hamısı böyük-kiçik yerini bilən insanlardır,-deyə Masallı RİH başçısı geniş və məzmunlu nitqində qeyd etmişdir.

   Bildirək ki, şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırov 2 dekabr 1997-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dünyaya göz açmışdır.

    2004-cü ildə şəhid Rasim Əliyev adına Mollahəsənli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur.

   2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.

   Sonra çağırışçı kimi 2016-cı ilin yanvar ayında Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

   2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində başa çatdırmışdır.
      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Məmmədağa Bağırov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

     24 noyabr 2020-ci il tarixində böyüyb boy atdığı Masallı rayonunun Xoşçobanlı kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.

    Subay idi...

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Məmmədağa Həsənağa oğlu Bağırov ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Füzulunun azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

   Şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırovun ailəsi, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
   Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
   Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Məmmədağa Həsənağa oğlu Bağırovun məzarını ziyarət etmişlər.
   Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür.
   Çıxışlarda şəhid barədə xatirələr danışılmış, Məmmədağanın heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.

Keçidlər