Şriftin ölçüsü :

Saytın rəngi :

Kənan Natiq oğlu Şahbazov

 

23 iyul 2002-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olmuşdur.

2008-ci ildə Bakı şəhərinə yollanaraq, Suraxanı rayonu Hövsan qəsəbəsi 76 nömrəli məktəbin birinci sinfinə daxil olmuşdur. 2010-cu ildən Kənan valideynlərinin işi ilə əlaqədar Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş, orta təhsilini orada davam etdirmişdir. Sonra yenidən Bakı şəhərinə qayıtmış və Xətai rayonunda 138 nömrəli tam orta məktəbində təhsil almışdır.

Qaydasız döyüşlər idman növü ilə məşğul olmuş, uşaqlar arasında ölkə və Rusiya yarşılarında Diplom və medallara layiq görülmüşdür.

2019-cu ildə Rusiya Federasiyasının Kazan şəhərində yerləşən “Açıq Federal Universitet”in hüquqşünaslıq fakültəsinin əyani şöbəsinə daxil olmuş, həmin fakültədə birinci kursu (əyani) bitirdikdən sonra 2020-ci ildə ikinci kursa (qiyabi) keçirilmişdir.

Kənan Natiq oğlu Şahbazov 2020-ci ilin iyul ayında Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə çağırılıb. Üç aya yaxın idi ki, hərbi hissədə xidmətə başlamışdı...

Azərbaycan Ordusunun əsgəri olan Kənan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonun Koroğludağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Kənan Şahbazov 28.09.2020-ci ildə Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Masallı rayonunda dəfn olunub.

Şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Kənan Natiq oğlu Şahbazov “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Keçidlər