Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd İlham oğlu Əliyev

Masallı rayonunun Böyük Xocavar kəndində bu işıqlı dünyaya göz açmış, hünərvər, nəcib keyfiyyətlərə malik, gözəl mənəviyyat sahibi kimi böyümüşdü. Müstəqil həyata başladığı gündən yaşadığı el-obada hamı onun hörmətini uca tuturdu. Niyyəti xalqa, vətənə ləyaqətli xidmət olan Məhəmməd də həmişə bu ehtiramı doğruldurdu...

Məhəmməd həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, “N” saylı hərbi hissədə yerinə yetirir. Burada Vətənə, torpağa halal sevgisi, mərdliyi, dosta sədaqəti ona əsgərlərin, komandirlərin sevgisini qazandırır. Daimi nümunəvi xidməti ilə fərqlənir. Bir sözlə, can dediyi Vətən qarşısında borcunu şərəflə verib, 2018-ci ildə kəndinə üzüağ qayıdır.

Bir müddət Məhəmməd Əliyev çalışdığı sahədə el-obanın tərəqqisinə mühüm töhfələr verir. Yaxşılıq edə-edə özü də yaxşılıq gözündə ucalır. Nə qədər günləri məhəbbətli olsa da, Qarabağ dərdi onu rahat buraxmır. “Ölərəm, əldən əgər getsə Vətən” misrası dilinin əzbəri olur. Nifrət hissi ilə özünü əclaf dığalardan qisas gününə hazırlayır.

27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyev dığalara qarşı əks-hücum əmri verəndə, sanki Məhəmmədin üstündən böyük bir dağ götürülür. Əlində silah, ürəyində qələbəyə ümid igid Vətən oğulllarının sırasında düşmənin üzərinə yeriyir. Ağır müharibə meydanlarında sinəsini yanar od edib dığaların bağrını çatladır. Vətən oğullarının hünərini görəndə isə qələbəyə heç şübhəsi qalmır. Bütün bunlara görə hər döyüşə Qarabağın azadlığı eşqi ilə atılır. Füzulidən Şuşaya qədər gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşur. Zəfərimizin bir adlığında Məhəmməd Vətən müharibəsinin qalib şəhiditək adını tarixə yazır. 21 yaşında nəsibi dünya var olduqca möhtəşəm şəhidlik zirvəsindən boylanmaq səadəti olur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Məhəmməd İlham oğlu Əliyev ölümündən sonra “ Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər